"ELEKTRON TƏHSİL" RESPUBLİKA MÜSABİQƏSİ
Menu


“Elektron Təhsil” Respublika müsabiqəsi haqqında Əsasnamə

1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planının 2.1.1.2 (aidiyyəti struktur bölmələrlə birlikdə müsabiqə mexanizmlərinin proqram təminatlarının, portalların yaradılması)  bəndinə uyğun olaraq “Elektron Təhsil” Respublika müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) internet səhifələrində yerləşdirilir.
2. Müsabiqənin məqsədi
2.1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
2.1.1. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək;
2.1.2. Ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq;
2.1.3. İnternetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq;
2.1.4. Müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək;
2.1.5. Tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq;
2.1.6. Təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək;
2.1.7. Müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirmək.
3. Müsabiqənin təşkili və keçirilmə müddəti
3.1. Müsabiqənin keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən Təşkilat Komitəsi yaradılır.
3.2. Təşkilat Komitəsinin tərkibinə təhsil və informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsi olan şəxslər cəlb edilir.
3.3. Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədilə yaradılan  Münsiflər heyəti və Ekspert komissiyasının tərkibi müraciətlər əsasında müəyyənləşir və Təşkilat Komitəsi tərəfindən təsdiqlənir. (Müraciətlər elan əsasında qəbul edilir)
3.4. Müsabiqənin keçirilmə müddəti Təşkilat Komitəsi tərəfindən müəyyən edilir.
4. Müsabiqənin məzmunu
4.1. Müsabiqə iki istiqamət üzrə keçirilir:
4.1.1. “Müəllim”;
4.1.2. “Şagird”.
4.2. “Müəllim” istiqaməti üzrə:
4.2.1. Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs: Bu nominasiya üzrə müsabiqəyə elektron lövhələrin proqramları ilə qurulan resurslar təqdim edilə bilər. Eyni zamanda, bu nominasiyaya “1 şagird : 1 kompüter” modelindən, Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan və elektron resurs portalından (www.e-resurs.edu.az) istifadə etməklə elektron lövhələrin proqram təminatlarında resurslar hazırlayaraq təqdim etmək olar.
4.2.2. Təhsildə ən yaxşı İnternet texnologiyaları: Bu nominasiya üzrə müsabiqəyə yalnız təhsil məzmunlu müəllim bloqları və saytlar təqdim edilə bilər. Təqdim olunmuş işlərdə yerləşdirilən məlumatlar məktəbəqədər, ümumtəhsil müəssisələrində tədris, o cümlədən təlim və tərbiyə prosesinə dəstək məqsədi daşımalıdır. Müsabiqəyə təqdim edilən sayt və bloqlara giriş sərbəst və ödənişsiz olmalıdır. Onlara baxış üçün əlavə qeydiyyat tələb  olunmamalıdır. Bütün resurslar ən geniş yayılmış “İnternet Explorer”, “Mozilla Firefox”, “Opera”, “Google Chrome” və bu kimi veb bələdçilər vasitəsilə əlavə proqram təminatı tələb etmədən istifadəyə yararlı olmalıdır. Bloq və saytda yerləşdirilmiş informasiyaların müəllif hüquqları qorunmalıdır.
4.2.3. Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs: Bu nominasiya üzrə müsabiqəyə "HTML", "php" və s. veb proqramlaşdırma dilləri, "gif", "png" və s. qrafik məlumat formatlarında hazırlanmış işlər təqdim edilə bilər. Təqdim edilən işlər müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirməlidir.
4.2.4. Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd: Bu nominasiya üzrə müsabiqəyə pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanma qurumlarının və metodik mərkəzlərinin əmək funksiyalarına uyğun tövsiyə, vəsait və sənəd təqdim edilə bilər. Bu nominasiyada yuxarıda qeyd olunan qurumların əməkdaşları iştirak edə bilər. Təqdim edilən işlər kompüter proqramlarında və internet resurslarında (bloq, sayt) hazırlana bilər.
4.3.Şagird istiqaməti üzrə:
4.3.1. “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur”: Bu nominasiya üzrəmüsabiqəyə “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalar verməklə hər hansı fiquru çəkmək üçün yazılan proqram və proqramın icrasından sonra ekranda əks olunacaq fiqur (təsvir) təqdim edilməlidir. Yaradılmış fiqur şagirdin öz ideyalarının məhsulu olmalıdır.
4.3.2. “Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs”: Bu nominasiya üzrəmüsabiqəyə təhsil məzmunlu elektron resurslar təqdim edilə bilər. Təqdim edilən işdə müəllifin yaş səviyyəsinə uyğunluq gözlənilməlidir.
5. Müsabiqənin iştirakçıları
5.1. Müsabiqədə aşağıdakılar iştirak edə bilər:
5.1.1. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti; 
5.1.2. Pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri;
5.1.3. Şagirdlər.
6. Müsabiqənin nominasiyaları
6.1. Müəllim istiqaməti üzrə:
6.1.1. Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;
6.1.2. Təhsildə ən yaxşı İnternet texnologiyaları;
6.1.3. Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs;
6.1.4. Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd.
6.2. Şagird istiqaməti üzrə:
6.2.1. “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif  komandalardan istifadə
etməklə yaradılan ən maraqlı fiqur;
6.2.2. Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.
7. İşlərin müsabiqəyə təqdim edilməsi və işlərə qoyulan tələblər
7.1. İddiaçı müsabiqədə iştirak etməsi üçün www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.
7.2. İşlərin müsabiqəyə təqdim edilməsi www.musabiqe.edu.az səhifəsində elektron ərizə formasının (1 saylı Əlavə) doldurulması ilə həyata keçirilir. 
7.3. Ərizədə müəllif və təmsil etdiyi müəssisə haqqında məlumatlar, layihənin adı və işin qısa təsviri öz əksini tapmalıdır.
7.4. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan resurslara giriş üçün əlavə qeydiyyat tələb olunmamalıdır.
7.5. İşlərin  təsviri  “MS Word” proqramında sənəd şəklində təqdim edilir (А4 səhifə, “Times New Roman” şrifti, 14 ölçüdə, sətirlər arası 1,5 və həcmi 2 mb-dan çox olmamaqla). Təsvirdə qrafik əlavələr, dərc edilmiş yazılara keçidlər, mövzu üzrə çıxış və müəllifin internet resursları da ola bilər. İşin tövsiyə edilən həcmi 15 səhifədən çox olmamalıdır. İşin təsvirinə əlavə materiallar da qoşula bilər. Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır. Bütün əlavə materiallar arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Əgər təqdim edilən işin həcmi 15 MB həcmindən çox olarsa “bulud” texnologiyalarından (wetransfer.com, dropbox.com və s.) istifadə etməklə işi yerləşdirib linki təqdim etmək lazımdır. Materialların siyahısı isə ərizənin müvafiq qrafasında qeyd olunmalıdır.                                                                                       
7.6. Müsabiqəyə qrup halında hazırlanmış işlər də buraxılır. Qrupun tərkibi 3 nəfərdən çox olmamalıdır. Həmin qrup üzvləri tərəfindən seçilmiş qrup rəhbərinin adı ərizə formasında göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan hissədə qeyd edilməlidir.
7.7. Müsabiqəyə təqdim edilən işlərin üzərində müsabiqənin yekunları elan edildiyi günədək heç bir əlavə və dəyişiklik aparılmamalıdır. Belə hallar aşkar edildikdə iş müsabiqədən kənarlaşdırılacaqdır.
7.8. Müsabiqədə qalib gəlmiş iştirakçı və onun hazırladığı resurs, həmçinin bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir yeni və ya oxşar resurs növbəti 3 il ərzində müsabiqəyə təqdim oluna bilməz.
8. Müsabiqənin mərhələləri
8.1. Müsabiqə dörd mərhələdə həyata keçirilir:
8.1.1. I mərhələ: işlərin qəbulu üzrə texniki ekspertiza;
8.1.2. II mərhələ: işlərin Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi;
8.1.3. III mərhələ: işlərin Münsiflər heyəti tərəfindən qiymətləndirilməsi;
8.1.4. IV mərhələ: Münsiflər heyəti tərəfindən seçilmiş işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı.
9. Qiymətləndirmə qaydası və seçim meyarları
9.1. I mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqə Əsasnaməsinin 7-ci maddəsinə uyğunluğu yoxlanılır.
9.2. II mərhələdə Ekspert Komissiyası təqdim edilən işləri  Əsasnamənin meyarlarına uyğun 0-10 bal sistemi ilə qiymətləndirir (Əsasnaməyə 2  və 3 saylı Əlavələr). Verilmiş ballar əsasında yüksək bal toplayan işlərin növbəti mərhələyə keçməsi haqqında Təşkilat Komitəsi tərəfindən keçid balına dair qərar qəbul edilir və nominantların siyahısı www.musabiqe.edu.az səhifəsində yerləşdirilir.
9.3. III mərhələdə Münsiflər heyəti həmin seçim meyarlarına uyğun olaraq nominantların işlərinin 0-10 bal sistemi ilə yenidən qiymətləndirilməsini həyata keçirir (Əsasnaməyə 2,3 saylı Əlavələr) və yüksək bal toplamış namizədlərin işləri IV mərhələyə buraxılır.
9.4. IV mərhələnin iştirakçılarıöz işlərini Təşkilat Komitəsi qarşısında təqdim edir. Təqdimat zamanı işin təqdim edən şəxs tərəfindən hazırlanmadığı müəyyən olunarsa, Təşkilat Komitəsinin qərarı ilə Münsiflərin verdiyi səslər ləğv edilir. Hər nominasiya üzrə 3 qalib (1-ci, 2-ci və 3-cü yerlər) və fərqlənən iştirakçılar müəyyən edilir. Toplanan ballar bərabər olduqda Təşkilat Komitəsi tərəfindən qaliblərin sayında dəyişiklik edilə bilər.
10. Müsabiqənin yekunu
10.1. Təşkilat Komitəsi tərəfindən təqdim olunan işlər üzrə qaliblərin müəyyən edilməsi barədə qərar qəbul edilir.
10.2. Qaliblərə diplom və hədiyyələr Təşkilat Komitəsi tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim edilir.
10.3. Digər maraqlı tərəflər, şirkətlər, sponsorlar və ictimai qurumlar müsabiqənin qalibləri və fərqlənəniştirakçılarüçün mükafatlar təqdim edə bilər.
10.4. Qrup halında iş təqdim edənlər qalib gəldikləri təqdirdə mükafatların sayı dəyişmir. Mükafat müəllif qrupunun rəhbərinə təqdim edilir.
10.5. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində yerləşdirilir.


Geri qayıt