"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu


 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017 ci il 14 iyun tarixli, 258 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər

1. Ümumi müddəalar

1.1. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlər verilmə proseduraları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” (bundan sonra – Sənəd) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələbləri müəyyən edir.

1.2. Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra - qrant) ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

1.3. Qrantın ayrılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırır və qrant müsabiqəsi ilə bağlı informasiya həmin saytda yerləşdirilir.

1.4. Müsabiqənin keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərkibi 5 (beş) nəfərdən ibarət Təşkilat Komitəsi (bundan sonra – Təşkilat Komitəsi) yaradılır. Təşkilat Komitəsinin iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır. Təşkilat Komitəsinin iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Təşkilat Komitəsinin sədri həlledici səsə malikdir.

1.5. Qrant müsabiqəsi üzrə mövzular, prioritet sahələr nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

1.6. Qrant müsabiqəsi 2 kateqoriya: ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.

1.7. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 3(üç) nəfər üzvdən ibarət Apelyasiya Komissiyası yaradılır. Apelyasiya Komissiyasının iclasları onun üzvlərinin hamısı iştirak etdikdə baş tutmuş sayılır. Apelyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

1.8. Təşkilat Komitəsi və Apelyasiya Komissiyası ictimai əsaslarla fəaliyyət göstərir.

1.9. Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Qrantların məbləği və ayrılması şərtləri

2.1. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 (yüz min) manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10000 (on min) manatdan çox olmamalıdır.

2.2. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər.

2.3. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.

2.4. Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

2.5. Müsabiqədə iştirak etmək istəyən dövlət ümumi təhsil müəssisələri və mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçirlər.

2.6. Müsabiqəyə ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən yalnız 1 layihə təqdim edilə bilər.

2.7. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir.

2.8. Müsabiqə çərçivəsində maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin resipiyentlərinin yeni müsabiqədə iştirakına yol verilmir.

2.9. Layihəsinin icrası başa çatmış, lakin layihənin icrası ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etməmiş ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin müraciətlərinə baxılmır.

2.10. Layihələr elektron formada, bu sənədlə müəyyənləşdirilmiş Ərizə (müvafiq olaraq 1 və 3 nömrəli əlavələr) və ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən təklif olunan layihə (bundan sonra “layihə təklifi”) formasına (müvafiq olaraq 2 və 4 nömrəli əlavələr) uyğun təqdim edilir.

2.11. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

2.12. Siyasi, dini, xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır.

3. Qiymətləndirilmə üzrə tələblər

3.1. Layihə təklifləri Təşkilat Komitəsi tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyən edilmiş son tarixdən sonra 30 gün ərzində qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyətə elan olunur.

3.2. Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində həyata keçirilir.

3.3. Layihələrin texniki ekspertizası aşağıdakı ardıcıllıqla Təşkilat Komitəsi tərəfindən həyata keçirilir:

3.3.1. layihə təkliflərinin və əlavə olunmuş sənədlərin 1-6 nömrəli əlavələrinə və müsabiqənin şərtlərinə uyğunluğunu yoxlayır;

3.3.2. layihə təkliflərinin oxşarlığını və ya təkrar verilmə ehtimalını müəyyənləşdirir;

3.3.3. layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra etdikləri layihələrin səmərəliliyini və nəticələrini araşdırır.

3.4. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin məzmun ekspertizasını həyata keçirmək üçün Təşkilat Komitəsi tərəfindən təhsil mütəxəssislərindən ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupu 5 (beş) üzvdən ibarət olur. Ekspert Qrupunun iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır. Ekspert Qrupunun iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, ekspert qrupunun sədri həlledici səsə malikdir.

3.5. Ekspert Qrupu:

3.5.1. layihə təklifinin prioritet sahələrə uyğunluğunu, ictimai əhəmiyyətliliyini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;

3.5.2. layihə təkliflərinin büdcəsini araşdırır;

3.5.3. hər bir layihə üzrə 3.6-cı bənddə qeyd olunan meyarlar əsasında bal verir.

3.6. Müsabiqəyə təqdim edilmiş layihələr Ekspert Qrupu tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilir və qiymətləndirmə meyarları aşağıdakılardır:

3.6.1.uyğunluq – layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu– 5 bal;

3.6.2. orijinallıq - layihənin digər layihə təkliflərindən fərqli olması – 5 bal;

3.6.3. problemin vacibliyi - layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması – 10 bal;

3.6.4. məqsəd və vəzifələrin dəqiqliyi - layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi – 10 bal;

3.6.5. faydalılıq – təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması – 20 bal;

3.6.6. davamlılıq – qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü – 10 bal;

3.6.7. fəaliyyət planı - layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi- 10 bal;

3.6.8. monitorinq və qiymətləndirmə - layihənin monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi – 10 bal;

3.6.9. maliyyə səmərəliliyi - layihənin smetasının görüləcək işlərə uyğunluğu – 20 bal.

3.7. Qiymətləndirmə nəticəsində ümumilikdə 50 baldan aşağı toplamış layihələr maliyyələşdirilmir.

3.8. Ekspert qrupu bu Tələblərin 3.6-cı bəndinə uyğun olaraq hər bir layihə haqqında rəy hazırlayır və Təşkilat Komitəsinə təqdim edir.

3.9. Ekspert qrupunun təqdim etdiyi rəy Təşkilat Komitəsində müzakirə olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.

3.10. Qrant alınmasına dair qərar (müqavilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.

4. Monitorinqlərin aparılması üzrə tələblər

4.1. Maliyyələşdirilmiş layihələrin icrasına nəzarət məqsədi ilə monitorinqlər keçirilir.

4.2. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinq Təşkilat Komitəsi tərəfindən aparılır. Digər hüquqi və fiziki şəxslər də monitorinqin aparılmasına cəlb edilə bilərlər.

4.3. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Təşkilat Komitəsinə əvvəlcədən məlumat verilir.
4.4. Təşkilat Komitəsi layihənin icra müddətində resipiyenti məlumatlandırmadan həyata keçirilən fəaliyyətlərin monitorinqini apara bilər.

4.5. Resipiyent layihənin icrası və hesabatı müddətində aparılan monitorinq zamanı müvafiq sənəd qovluğunu Təşkilat Komitəsinə təqdim etməlidir.

5. Vəsaitlərin verilmə prosedurları üzrə tələblər

5.1. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr üzrə qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30, ikinci mərhələdə 40 və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr üzrə qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.

5.2. Resipiyentlər layihənin smetasını bu Sənədin 5 nömrəli əlavəsinə əsasən müəyyən edilmiş formada tərtib etməlidirlər.

5.3. Resipiyentə ayrılmış maliyyə vəsaiti Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş layihənin icra planına (6 nömrəli əlavə) və xərclər smetasına (5 nömrəli əlavə) uyğun xərclənməlidir. Fəaliyyət planında və smetada dəyişiklik etmək zərurəti yaranarsa, əvvəlcədən dəyişikliklər Təşkilat Komitəsi ilə razılaşdırılmalıdır.

5.4. Bu müsabiqə çərçivəsində hər iki kateqoriya üzrə əldə edilmiş qrant vəsaiti aşağıdakı istiqamətlər üzrə xərclənir:

5.4.1. laboratoriya, kompüter və digər avadanlıqların alınmasına;

5.4.2. layihədə iştirak edən yerli və beynəlxalq təlimçi və ekspertlərə qonorar ödənilməsinə;

5.4.3. layihə çərçivəsində nəzərdə tutulan yerli və beynəlxalq səfərlər zamanı ezamiyyə xərclərinə;

5.4.4. tədris resurslarının, elmi-metodik ədəbiyyatın alınmasına;

5.4.5. layihənin icrasında iştirak edən şagird və pedaqoji işçilərə mükafat verilməsinə;

5.4.6. rabitə və internet xərclərinin ödənilməsinə;

5.4.7. təlim, seminar və digər tədbirlərin keçirilməsi üçün yerin icarəsinə;

5.4.8. tədbir iştirakçılarının yemək və yaşayış xərclərinə;

5.4.9. dəftərxana ləvazimatlarının alınmasına;

5.4.10. nəqliyyatın icarəsinə;

5.4.11. tədbirlərin təşkili xərclərinə;

5.4.12. çap xərclərinə;

5.4.13. layihənin həyata keçirilməsi ilə bağlı Təşkilat Komitəsi ilə razılaşdırılmış digər zəruri xərclərə.

6. Hesabat üzrə tələblər

6.1. Ümumtəhsil müəssisələri və fərdi layihələrin icrası başa çatdıqdan sonra 30 gündən gec olmayaraq, müvafiq icra və maliyyə hesabatları təsdiqləyici sənədlərlə birlikdə Təşkilat Komitəsinə təqdim edilir.

6.2. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Azərbaycan Respublikası Təhsil Nazirliyinin hesabına qaytarılır.

6.3. Hesabatlar yoxlanıldıqdan sonra Təşkilat Komitəsi tərəfindən təsdiq edilir və bu barədə resipiyent yazılı surətdə məlumatlandırılır.

6.4. Azərbaycan Respublikası Təhsil Nazirliyi resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntular aşkar edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirir.



Geri qayıt