"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu




Qiymətləndirmə meyarları


1.1. Layihə təklifləri Təşkilat Komitəsi tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyən edilmiş son tarixdən sonra 30 gün ərzində qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyətə elan olunur.

1.2. Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində həyata keçirilir.

1.3. Layihələrin texniki ekspertizası aşağıdakı ardıcıllıqla Təşkilat Komitəsi tərəfindən həyata keçirilir:

1.3.1. layihə təkliflərinin və əlavə olunmuş sənədlərin 1-6 nömrəli əlavələrinə və müsabiqənin şərtlərinə uyğunluğunu yoxlayır;

1.3.2. layihə təkliflərinin oxşarlığını və ya təkrar verilmə ehtimalını müəyyənləşdirir;

1.3.3. layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra etdikləri layihələrin səmərəliliyini və nəticələrini araşdırır.

1.4. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin məzmun ekspertizasını həyata keçirmək üçün Təşkilat Komitəsi tərəfindən təhsil mütəxəssislərindən ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupu 5 (beş) üzvdən ibarət olur. Ekspert Qrupunun iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır. Ekspert Qrupunun iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, ekspert qrupunun sədri həlledici səsə malikdir.

1.5. Ekspert Qrupu:

1.5.1. layihə təklifinin prioritet sahələrə uyğunluğunu, ictimai əhəmiyyətliliyini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;

1.5.2. layihə təkliflərinin büdcəsini araşdırır;

1.5.3. hər bir layihə üzrə 3.6-cı bənddə qeyd olunan meyarlar əsasında bal verir.

1.6. Müsabiqəyə təqdim edilmiş layihələr Ekspert Qrupu tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilir və qiymətləndirmə meyarları aşağıdakılardır:

1.6.1.uyğunluq – layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu– 5 bal;

1.6.2. orijinallıq - layihənin digər layihə təkliflərindən fərqli olması – 5 bal;

1.6.3. problemin vacibliyi - layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması – 10 bal;

1.6.4. məqsəd və vəzifələrin dəqiqliyi - layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi – 10 bal;

1.6.5. faydalılıq – təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması – 20 bal;

1.6.6. davamlılıq – qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü – 10 bal;

1.6.7. fəaliyyət planı - layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi- 10 bal;

1.6.8. monitorinq və qiymətləndirmə - layihənin monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi – 10 bal;

1.6.9. maliyyə səmərəliliyi - layihənin smetasının görüləcək işlərə uyğunluğu – 20 bal.

1.7. Qiymətləndirmə nəticəsində ümumilikdə 50 baldan aşağı toplamış layihələr maliyyələşdirilmir.

1.8. Ekspert qrupu bu Tələblərin 3.6-cı bəndinə uyğun olaraq hər bir layihə haqqında rəy hazırlayır və Təşkilat Komitəsinə təqdim edir.

1.9. Ekspert qrupunun təqdim etdiyi rəy Təşkilat Komitəsində müzakirə olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.

1.10. Qrant alınmasına dair qərar (müqavilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.



Geri qayıt