"TƏHSİL NAZİRLİYİNİN MÜSABİQƏLƏR PORTALINA XOŞ GƏLMİŞSİNİZ!"
Menu

Xəbərlər

“ELEKTRON TƏHSİL” RESPUBLİKA MÜSABİQƏSİNİN NOMİNANTLARI MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR

      “Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada qəbul edilmiş 900 layihə ekspertlər tərəfindən baxılmışdır. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə 900 layihədən 207-si nominant olaraq seçilmiş və növbəti mərhələyə buraxılmışdır. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.

       Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.

       Müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

       Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.

      Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.

Paylaş